| 8 MAY – AZƏRBAYCAN ÖYRƏNCİ GÜNÜ MÜNASİBƏTİLƏ GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASININ M Ü R A C İ Ə T İ Dəyərli Azərbaycan öyrənciləri! Bildiyiniz kimi, bünövrəsi milli demokratik dəyərlər üzərində qurulmuş Güney Azərbaycan milli azadlıq hərəkatının əsas məqsədi millətimizin tarixi haqqı olan milli hüquqları əldə etməkdən ibarətdir. Güney Azərbaycan milli hərəkatı hisslərə söykənən, ani hadisələr törədən kortəbii bir proses deyil. Çünki, hərəkatın güc mərkəzini təşkil edən milli hərəkat fəalları milli düşüncə və davranış sistemində müasir və demokratik əsaslara söykənərək mübarizə aparırlar. Milli hərəkatın əsas təməlinin oluşdurulmasında Azərbaycan Öyrənci hərəkatı önəmli rol oynayır. Bu hərəkatın başladılmasında əsas rolu olan Azərbaycanın tanınmış ziyalıları elmi potensiala sahib öyrənci kəsimini milli hərəkata gətirməklə önəmli addım atmış oldular. Bu ənənənin davam etdirilməsi hərəkatın sistemli şəkildə kütləviləşməsi deməkdir və intellektual düşüncə sistemini milli hərəkata gətirərək aktivləşdirmə tezisi bu gün də gündəmdədir. 1995 – ci ildən etibarən Azərbaycan öyrənci hərəkatı milli məfkurəyə əsaslanaraq, fars şovinizminin uydurduğu saxta kimliyə, milli ayrıseçkiliyə “yox” deməklə, Azərbaycan milli azadlıq hərəkatında yeni bir mərhələnin başlangıcını qoydu. Azərbaycan türklüyünə söykənən Azərbaycan öyrənci hərəkatı Güney Azərbaycanımızın milli, siyasi, mədəni və iqtisadi problemlərini milli hərəkatın gündəminə daşımaq, bu problemlərin səbəblərini elmi şəkildə araşdırmaqla yanaşı, bundan çıxış yollarını axtarmaq istiqamətində bir çox proseslərin başlangıc mərhələsi olmuşdur. Öyrənci hərəkatı Güney Azərbaycan milli hərəkatının tərkib hissəsi olmaqla yanaşı, həm də milli hərəkatın prinsipial dəyərlər sistemini qoruyur. Millətimizin strateji hədəflərə çatmaq üçün apardığı proseslərin təməl prinsiplərinin sarsılmaz inanc və milli demokratik dəyərlər üzərində qurulmasında Güney Azərbaycan öyrənci hərəkatının təmkinli və qərarlı addımları zəruridir və milli hərəkatın kütləviləşməsi üçün olduqca vacibdir. Milli hərəkatımızın alt yapısının qüdrətli olması həm də Millət və Vətən məfkurəsinin kütləviləşməsindən keçir. “Hər şey millət və Vətən üçündür!” düşüncəsini öyrəncilər öz fəlsəfi düşüncələri , elmi yazıları və praktiki fəaliyyətləri ilə milli kimliyimizin ayrılmaz parçasına çevirməlidirlər. Şübhəsiz ki, bu istiqamətdə atılan hər bir addım millətimizin sahib olduğu iqtidar və gücü, başda fars şovinizmi olmaqla, bütün dünyaya göstərmiş olar. Belə olduğu təqdirdə heç bir yabançı güc Güney Azərbaycan milli azadlıq hərəkatının əsas dayaq və vazkeçilməz prinsiplərinə toxunma cəsarətini tapa bilməz. Bu həm də millətimizin həqiqi varlığını inkar siyasətilə danan fars şovinizminə birdəfəlik “Dur!” deməkdir. Milli hərəkatın öyrənci kəsimi rejimin hər hansı təxribatyönlü və caydırıcı oyunlarının təsirindən uzaq qalmaqla bərabər , milli hərəkatın inanc və dəyər sisteminin güclənməsində davamlı fəaliyyət göstərməlidir. Azərbaycan öyrənci hərəkatı Güney Azərbaycanda gənc və intellektual kəsimin yüksək səviyyədə aktivliyini təmin etməklə yanaşı, həm də kütlə və ictimai – siyasi qurumlar arasında körpü olmalıdır. Belə olduqda bütövlükdə milli hərəkatımızın sistemli inkişafı təmin edilər, həmçinin kütlə və təşkilatlar arasında yeni bir əlaqələndirmə sistemi yaranmış olar. Bu əlaqələndirmə sistemində Azərbaycan milli hərəkatının doğru yolda irəliləməsi tənzimlənəcəkdir. Öyrənci hərəkatı kütlənin milli maariflənmə prosesindəki fəaliyyətini elə bir səviyyədə aparılmalıdır ki, Azərbaycanımızın milli, siyasi, ictimai, mədəni və iqtisadi problemlərinin həlli məqamında parçalanmaya yönəlmiş hər hansı düşüncəyə yol verilməsin. Bu həm də milli mübarizəmizdə milli ziyalı kəsimindən ibarət güc mərkəzinin formalaşması istiqamətində irəliyə atılacaq ən önəmli addım olacaq. Güney Azərbaycan İstiqlal Partiyası 19 ordibeheşt ( 8 may ) Azərbaycan öyrənci günü münasibətilə bütün Azərbaycan öyrəncilərini və millətimizi təbrik edir! Inanırıq ki, uğrunda öləcəyimiz Vətənimiz Azərbaycan, sarılacağımız bayraq və əbədi uyuyacağımız Vətən torpağı uğrunda şərəfli savaşımız millətimizi qələbəyə qovuşduracaq! Yaşasın Azərbaycan ! Yaşasın Azərbaycan Öyrənci Hərəkatı ! GÜNEY AZƏRBAYCAN İSTİQLAL PARTİYASI 04.05.08 |

