Azərbaycan milli hərəkatının sistemli inkişafı milli mənafelərimiz
uğrunda birgə fəaliyyətdən keçir
Artıq 85 ildir ki, ayrı-ayrı millətlərin yaşadıqları ərazilər hesabına
yaradılmış iran adlanan siyasi coğrafi ərazidə «vahid dil», «vahid
milli kimlik» siyasəti bu gün də davam etdirilir və «vahid iran
milləti» şüarı adı altında rasisti siyasət aparılır . Bu siyasətin
nəticəsidir ki, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin
milli kimliyi inkar edilir, hüqüqları pozulur, millətimizin iradəsi ilə
hesablaşmadan torpaqları parçalanmaya məruz qalır. Azərbaycanın
milli mücadilə tarixində özünəməxsus yeri olan 22 may 2006-cı il
hadisələri və ondan sonrakı mərhələlərdə kütləvi etirazlarda
səslənən şüarlar və irəli sürülən tələblər millətin milli və siyasi
iradəsini ortaya qoydu, onun hüquqlarını rəsmi olaraq gündəmə
gətirdi və Güney Azərbaycan milli hərəkatının gerçək mahiyyətindən
qaynaqlanan milli mübarizəni kütləviləşdirdi. Bu gün daxildə və
xaricdə milli ruhlu tədbirlərin keçirilməsi ilə müşahidə olunan
kütləviləşmə prosesi və milli təşkilatların bu istiqamətdəki aktiv
fəaliyyətləri Azərbaycan milli hərəkatının uğurlu inkişafının
göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan milli
hərəkatının uğurlu inkişaf mərhələsinə yüksəlişi milli, tarixi, siyasi
və mədəni dəyərlər üzərində qurulmuş bir prosesdir. Bu proses
gerçək tarix, milli kimlik, milli-siyasi və milli–mədəni dəyərlərə
əsaslandığından, mahiyyət etibarilə azərbaycan mehvərli milli
məfkurəni formalaşdırıb.
Indiki aşamada Güney Azərbaycan türkü milli, siyasi və mədəni
haqlarını əldə etmək uğrunda daha mütəşəkkil fəaliyyət göstərməli,
qurtuluş mərhələsinə keçidini sürətləndirməlidir. İrqi ayrıseçkiliyə
son qoymağın və milli azadlığa nail olmağın yeganə yolu milli
qüvvələrin birgə fəaliyyətindən keçir ki, bu da öz növbəsində
basqıları durdurmaq, diktaturanın təməlini dağıtmaq, milli, mədəni,
siyasi, iqtisadi hüquqların bərpası və s. problemlərin həlli deməkdir.
Bu səbəbdəndir ki, daxildə və xaricdə təşkilatlararası iş birliyinin
zəruriliyi bütün milli qüvvələrin gündəmində olmalıdır. Bütün bunlar
milli hərəkat daxilində daha sistemli fəaliyyətə imkan verir və milli
təşkilatlar özlərinin fəaliyyət proqramlarında bu gerçəklikləri
görməli, təşkilati fəaliyyətlərində milli hərəkatın güclənməsinə
yönəlik şəffaf mövqelərini sərgiləməlidirlər. Bu gercəklikləri
görməyən, şəffaf mövqe sərgiləməyən, milli məfkurənin təməl
prinsiplərinə əsaslanmayan qüvvələr isə özlərini təcrid vəziyyətə
salmış olurlar.
Doğru tutumlar üzərində aparılan mübarizə milli hərəkatın bütün
qüvvələrinin təşkilatlanma prosesinə qatılmasına, hərəkatın daha da
sistemləşməsi və beynəlxalq aləmdə söz sahibinə çevrilməsinə
xidmət etmiş olacaq. Əgər Vətənimiz Azərbaycanı işğaldan azad
etmək istəyiriksə o, zaman strateji düşünmə bacarığımızı inkişaf
etdirməliyik.
Qəbul etmək lazımdır ki, siyasətdə təşkilatlar arasında
anlaşılmamazlıq qaçılmazdır. Ancaq kompromisə yol açan
danışıqlar, dialoqlar , barışçı metodlardan istifadə bu yanlış
anlaşılmazlıqları həll etməklə yanaşı, həm də daha geniş alanda
fəaliyyət üsullarının meydana çıxmasını mümkün edir. Nəzərə alsaq
ki, təşkilatlarımızın və milli fəallarımızın əksəriyyəti molla rejiminin
psixoloji, ictimai, iqtisadi, siyasi, həmçinin milli zəmində
zorakılığına qarşı mübarizə aparır və Güney Azərbaycanın
qurtuluşuna çalışırlar, deməli kompromis metodlardan istifadə
edərək təşkilatlararası yanlış anlaşılmazlıqlara son qoya və milli
hərəkatın ümumi məqsədlərini düzgün dəyərləndirməklə, daha
sistemli plan əsasında birgə iş birliyinin aparılmasına nail ola
bilərik. Əgər Güney Azərbaycanın milli fəalları və təşkilatları kiçik
məsələlər ətrafında qeyri-sağlam rəqabət təşəbbüslərindən vaz
keçərək, qarşılıqlı hörmət əsasında hərəkət etsələr, o zaman milli
hərəkat daha böyük məqsədlərə varmış olacaq. Bu məqsədlə
bütün milli təşkilat və qüvvələr potensial imkanlarını maksimum
səfərbər etməli, müxtəlif komissiyalar adı altında fəaliyyət
programları hazırlanmalı və bu komissiyalar tərəfindən həyata
keçirilməsi vacib olan vəzifələr müəyyən edilməli, strateji plan
əsasında fəaliyyət göstərməlidirlər. Təbii ki, burada tarixçilərin,
psixoloqların, sosioloqların, ictimai və siyasi nəzəriyyəçilərin,
politoloqların, strateqlərin və başqa milli quvvələrin xidmətlərinə
böyük ehtiyac var. Hər bir azərbaycan türkü Güney Azərbaycan
milli azadlıq hərəkatında yeni mərhələnin başladılması üçün birgə
fəaliyyət təşəbbüsünə dəstək verməli, Azərbaycan milli hərəkatının
uzunmüddətli strateji fəaliyyət planının gerçəkləşməsinə milli
məsuliyyətlə yanaşmalıdır.
Ümid edirik ki, 21 azər (12 dekabr) - Milli hökümətimizin 64-cü
ildönümü günündə Hollandiyanın Amsterdam şəhərində keçiriləcək
dialoq toplantısı milli mənafelərimizdən irəli gələn məsələlərin
müzakirə olunması və onların həlli yollarının tapılması istiqamətində
uğurlu bir başlanğıc olacaq, milli qüvvələr arasında birgə fəaliyyətin
aparılmasına zəmin hazırlanacaq.
Güney Azərbaycan İstiqlal Partiyasının
Avropa üzrə sorumlusu
Sadiq İsabəyli
27.11.2009
