Nəbi Soytürk: Güney Azərbaycanda
sıxılmış türklük həyəcanı bir vulkan kimi
püskürəcək
Güney Azərbaycanda sıxılmış türklük həyəcanı bir vulkan kimi püskürəcək
Güney Azərbaycan istiqlal savaşının yorulmaz mücahidlərindən biri, dəyərli dostumuz
Nəbi Soytürkün Güneydəki durum və milli azadlıq hərəkatı ilə bağlı fikirlərini zaman-
zaman sizlərə çatdırmışıq. Nəbi bəylə bu dəfəki söhbətimizdə daha çox dini, fəlsəfi
problemlərdən, dünyada İslama qarşı əsassız ittihamlardan danışmışıq. ümid edirik
ki, sizin üçün də maraqlı olacaq.
- Qərb mətbuatında İslamla terroru eyniləşdirməyə cəhdlər edilir? ümumiyyətlə,
İslamın terrora yanaşması necədir?
- İslam dininin tövsiyələrini özündə daşıyan "Qurani-Kərim" günahsız bir insanın
öldürülməsini bütün insanların öldürülməsi kimi dəyərləndirir. üstəlik, Həzrəti
Məhəmməd yaşayan dönəmdə ərəblər arasında "fətək" adında bir söz çox işlənərdi.
"Fətək" gözlənilməz qətlə deyərdilər. İndi isə terror adlandırırlar. Hz.Məhəmməd
dəfələrlə hər bir müsəlmanı gözlənilməz qətlə əl vurmaqdan uzaq olmağa çağırıb.
Yeri gələrsə, bir neçə faktın adını çəkmək olar. O dönəmdə bir neçə müsəlman
gözlənilməz qətlə əl atmasın deyə, şəhid oldular. Yəni İslamda qalib gəlmək naminə
və hətta öz canınını qurtarmaq naminə terrora əl atmaq olmaz.
- Bəs, onda bu söhbətlər nədən meydana gəlir?
- Düşünürəm ki, bu təbliğatın əsas qaynağı ABŞ yox, Avropadır. Avropada belə
nəzəriyyəçilər var ki, Avropa diribaş qalması üçün onun qarşısında bir düşmən kimi
güc olmalıdır. Və bu renessansdan sonra Avropa siyasi həyatında bu siyasət özünü
göstərib. Yəni düşmən olmasa da, onu quraşdırıblar. üstəlik, düşünürlər ki, İslam dini
Avropadakı milyonlarla müsəlmanı hərəkətə gətirib və onların qarşısında dikəldə
bilər. O üzdən bəri başdan müsəlmanları potensial günahkar durumuna salırlar ki,
onlara nəzarət rahatlaşsın. Təbii ki, bu düşüncənin daşıyıcıları İslamı terrorlaşdıra
bilərlər. Məncə, başqa bir səbəb də var. Dünyada bir çox qurumlar, örgütlər və hətta
dövlətlər var ki, İslam adı ilə siyasi fəaliyyət göstərirlər. Əlbəttə, bunların hamısını
suçlamaq olmaz. Amma əgər örnək olaraq dövlət səviyyəsində formalaşmış fars
şovinizmini götürsək, görəcəyik ki, tarixi faktlara görə, bu qurum heç zaman
müsəlmanlarla birgə addım atmaq istəməyib. Tam tərsinə, qeyri-müsəlmanlarla
qondarma ari irqinin içində təmsil olunmaqdan daha çox məmnun olub. O üzdən, bir
qrup müsəlmanı təmsil edəcək şansı olmadığı üçün müsəlmanları yox, İslam dinini
təmsil etmək iddiasındadır. Və etdiyi bütün çirkin əməlləri, zorakılıqları və qəddar
hərəkətləri öz mənafeləri kimi yox, İslamın şərtləri kimi müdafiə edirlər. Bununla da
terroru islamlaşdırırlar. Təəssüf ki, hər iki əməlin nəticəsində müqəddəs İslam dini
qınaq hədəfinə çevrilmiş olur.
- Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, bir milyon müsəlmanı
evindən didərgin salıb. Minlərlə günahsız insanı amansızcasına qətlə yetirib. İran
dövləti, baxmayaraq ki, İslam respublikasıdır, bütün sahələrdə Ermənistanla iş
birliyindədir. Soruşanda deyir ki, "bu dövlətlərarası məsələdir, İslamla əlaqəsi
yoxdur". Sizcə, bu ziddiyyət təşkil etmirmi?
- İran inqilabı 1979-cu ildə iki şüarı prinsip tutaraq başladı. Hələ də o iki şüarla ayaq
sürüməkdədir. "Din siyasətdən ayrı deyil", "bizim siyasətimiz bizim dinimizdir".
Nədənsə, söhbət İranın daxilində və xaricində türk millətinə gəlincə, bu prinsiplər
keçərsiz olur. Qaldı ki, din və İslam bir az fərqli mövzulardılar. İslam anlayışı qat-qat
dindən böyükdür. İslam ta hakimiyyətə çatana qədər, sadəcə bir dindir. Məsələn, Hz.
Məhəmməd hicrət edənə qədər İslam Məkkədə, sadəcə bir din kimi bir sıra
ibadətlərdən ibarət idi. Ancaq mühacirətdən sonra Mədinədə bu din inkişaf etdi və
İslam anlayışı daha çox ortalığa çıxdı. Yəni İslam hakimiyyətə gəldi. O gündən bəri
bütün prosesləri İslamın tövsiyyələri və Allahın hökmü idarə etdi. Yəni Allahın əmri
hər şeydə cərəyana keçdi. İran hakimiyyəti öz üzərində din yox, İslam sözü daşıyır.
İddia edir ki, mən tər-təmiz İslam hakimiyyətiyəm. Dünyada gedən bütün proseslərdə
haqqı müdafiə edirəm. Əgər bu iddialar doğrudursa, o zaman İslam İranın bütün
siyasətinə şamil edilməlidir.
- Bəzən belə haqq qazandıranlar olur ki, İran öz mənafeyinə uyğun olaraq hərəkət
edir və belə də olmalıdır.
- Bəli, öz milli mənafeyinə uyğun hərəkət edə bilər. Amma onda bu iddiasından əl
çəkməlidir. Daha deməməlidir ki, mən İslamı və müsəlmanları qoruyuram. Desin ki,
mən öz mənafeyimi axtarıram. İslam dinin ruhu haqq və ədalətdir. Hz.Əlinin çox ağır
çəkili bir sözü var. Sırf bu cümlə haqqında bir çox alimlər, hətta xristian alimləri
kitablar yazıblar. Hz.Əli bir neçə insanın suallarına cavab olaraq buyurur ki, "Deyin,
görüm, siz insanları haqla ölçürsüz, yoxsa haqqı insanlarla?". İslam dinində birmənalı
olaraq ölçü haqdır, fars şovinizminin mənafeyi deyil. İran hakimiyyətini o zaman İslam
hakimiyyəti adlandırmaq olar ki, bu sınaqdan və ölçüdən qalib çıxa bilsin. Qarabağa
dair məsələ çox aydındır. Bir tərəfdən yetimin ahı, anaların göz yaşı, günahsız
insanların qanı durur, o biri tərəfdən Ermənistanın türkə olan kini, daşnakların
dənizdən-dənizə olan şeytani arzusu və fars şovinizminin mənafeyi. Şuşanın tarixi
məscidinin tavanında Quranın ayələri durarkən məsciddə heyvan saxlayırlar. İslamın
təmsilçisi olduğunu iddia edən fars şovinizmi bunu necə vicdanına sığdıra bilir? Əgər
İran hakimiyyəti heç cür haqqı içinə sığdıra bilmirsə, əgər fars şovinizminin mənafeyi
İslam mənafeyindən üstündürsə, bəs bu iddialar nə üçündür?
- Nəbi bəy, Azərbaycanda bir çox qeyri-ənənəvi təriqətlər fəaliyyət göstərir. O
cümlədən Yehova təriqətinə mənsub olanlardan biri hətta televiziyada qeyd etdi ki,
biz erməni ilə savaşan deyilik, təriqətimizə görə, hər kəsə məhəbbət etmək lazımdır.
Belə anoloci söhbətlər Krişnaidlərdən də eşidilir. Bəs təcavüzkar bir dövlətlə
mübarizəyə İslamın baxışı necədir?
- Bəli, Krişnaizm fəlsəfəsində və hətta müəyyən qədər də xristianlıqda hər kəsə
məhəbbət bir az qabarıq görünür. Ancaq onlarda da təcavüzkara qarşı mübarizə
vardır. Amma İslam dininin baxışı daha çox maraqlıdır. İslam insanlardan əqidə tələb
edir. Eyni halda məhəbbət etmək də istənilir. Ancaq bir şərti vardır, o məhəbbəti
haqq təsdiqləməlidir. Yəni cinayətkara olmaz. Bunun da açıqlaması odur ki,
məhəbbət xeyir vermək deməkdir. Cinayətkara məhəbbət etmək onu öz meylində və
istəyində azad buraxmaqdan ibarətdir. Yəni daha çox cinayət etməyə sövq etmək
deməkdir. Onu ilk olaraq məhəbbətdən məhrum etmək lazımdır ki, o, insanlığa
dönsün. Bu şəkildə ona xeyir vermiş oluruq. Əgər dönmürsə, artıq mübarizə vacib
olur. Bu çox doğru yanaşmadır. Belə olmasaydı, tarix təkamülə tərəf getməzdi.
Sivilizasiya olmazdı. Əgər Qaliley və Kopernik yanlış əqidələrlə barışsaydılar və öz
canlarının bahasına mübarizə etməsəydilər, Sokrat doğru əqidəyə görə mübarizə
naminə zəhər içməsəydi, İmam Hüseyn haqq üçün şəhid olmasaydı bu gün dünya
olduğu yerdə olmazdı. Min illərlə geridə ola bilərdik. Əgər Ermənistan kimi ölkə
tutduğu yolda dəstəklənərsə, təsəvvür edin ki, dünya 300 il sonra nə hala gələ bilər?
İslamın qanunları təkamülə və insanın məqamının yüksəlməsinə xidmət edən
qanunlardır.
- Bir çox dindarlar var ki, bir tərəfdən İran İslam hakimiyyəti, o biri tərəfdə
Azərbaycan milli azadlıq hərəkatı olunca, tərəddüdə düşür, mövqe sahibi ola
bilmirlər. Sizcə, məsələnin mahiyyəti nədən ibarətdir?
- Biz birmənalı olaraq bilməliyik ki, haqqa, İslama və müsəlmanların haqlı mənafeyinə
qarşı qiyam etmək günah sayılır. Amma haqqı və ədaləti bərpa etmək üçün qiyam
etmək nəinki günah deyil, hətta dini vəzifədir. Ola bilsin ki, bir tərəf İslam adı ilə oyun
aparsın. önəmli olan odur ki, o iddia olunan İslamın içi nə ilə dolub? Bir örnək
gətirəcəyəm. Soffeyn savaşında qarşı tərəf nizələrin başına "Qurani-Kərim"i taxıb
göyə qaldırır. Amma Hz.Əli buyurur ki, "Vurun o kitabları düşsünlər. çünki onlar
Quranın zahirini götürüblər ki, Quranın həqiqətini aradan aparsınlar. Siz isə zahirini
vurun, ta mənasını və həqiqətini qurtara bilək". Yəni tarix boyu islamın gücünü öz
arxalarına çəkmək üçün belə sui-istifadələr dəfələrlə olub.
- Yeri gəlmişkən, bilmək istərdik ki, Güney Azərbaycan milli azadlıq hərəkatı hazırda
nə yerdədir? Millətimizdə bölgədə gedən proseslərə hazırlıq varmı?
- Güney Azərbaycan türk millətinin özünəməxsus mübarizə forması və inqilab tərzi
var. Baxmayaraq ki, Güneydə türk dili mədəniyyəti və kimliyinin boğazı fars şovinizmi
tərəfindən gündən-günə sıxılır. ölkənin daxilində və xaricində gedən oyunların
həqiqəti millətdən gizlədilir. Ancaq düşünürəm ki, millətimiz daha oyaqdır. Yaxın
gələcəkdə Güney Azərbaycanda sıxılmış türklük həyəcanı bir vulkan kimi
püskürəcəkdir. Fars şovinizmi bunu çox yaxşı bilir. O üzdən bütün antitürk
qüvvələrdən bunu önləmək üçün güc toplayır. Dünya çapında gündəmə gəlməsin
deyə, bir çox ölkələrlə gizli məsləhətləşmələr aparır. çox təəssüf ki, türk dünyası bu
inqilabın baş tutacağını yetəri qədər bilmir. Əgər inqilab baş verən zaman onu
dəyərləndirə bilməsək, heç nə dəyişməyəcəkdir. Amma güclü bir siyasi qüvvəylə
qiymətləndirmiş olsaq, şübhəsiz ki, türk dünyasının taleyində yeni bir mərhələ
başlayacaq.
- Demək istəyirsiniz ki, artıq millətimiz fars şovinizminin şüarlarına inanmayacaq?
- Mən dəfələrlə qeyd etmişəm ki, fars şovinizminin əsasən üç silahı olub.
Müqəddəsləşdirilmiş İran, saxtalaşdırılmış tarix, farslaşdırılmış İslam. Psixoloqlar
yaxşı bilirlər ki, milləti yaşadan dəyərlər bu üç zəminin içində yer alır. Bir millət
bilərəkdən və ya bilməyərəkdən milli dəyərlərinə tərəf hərəkət edir. Fars şovinizi
İranda yaşayan bütün millətləri və ya xalqları qeyd olunan üç sonsuzluğun içinə
buraxmışdır. Beləliklə, xalqların dəyər sistemi dəyişmişdir. Belə olan halda tarix
irəlilədikcə xalqlar fars şovinizminin məqsədinə yaxınlaşırdılar. Bütün bunlar savaşsız
həyata keçirdi. Ancaq indi İranda gedən xalqlar hərəkatının maarifləndirmə
fəaliyyətinin və XXI əsrin şərtlərinin nəticəsi olaraq fars şovinizminin bu şeytani
qurğusu dağılmaqdadır. Artıq görürük ki, insanların zehninə qandal vura bilmədikləri
üçün bu dəfə əl-qolunu qandallayırlar. Şəhərin içində minlərlə insanı gülləyə tutur,
həbsxanaya salır, sürgün edirlər. İnsanlar isə öz fərdi və milli azadlıqları uğrunda
mübarizə aparırlar. Yəni cismlərinin həbsdə olmasını, ruhlarının və mənəviyyatlarının
sıxılmasından üstün tuturlar. Bu o deməkdir ki, İranda fars şovinizmi ilə başqa
xalqların arasında olan münasibətlərdə yeni bir səhifə açılıb. Proses belə gedirsə,
fars şovnizmi qəhrəman millətimizdən elə bir zərbə alacaq ki, "şovinistlərin atası"
olan Əhməd Kəsrəvinin sümükləri məzarda sızıldayacaq.
Türküstan qəzeti